You are on page 1of 2

Flora

Bitki örtüyü

Məlum olduğu kimi Azərbaycanın bitki aləmi çox zəngindir. Azərbaycanda 4500-dən çox bitki növü
məlumdur ki, onun 240 növü endemik (yəni, yalnız Azərbaycan üçün xarakterik olan və yalnız burada
bitən) bitkilərdir. Respublikamızın ərazisində 865-dən artıq şibyə, 500-ə qədər mamır növü vardır.
Azərbaycanın yabanı dendroflorasında 460-a yaxın ağac və kol bitkilərinə təsadüf olunur və onların
70-i endemik növ olub, respublikamızdan kənarda bitmir. Azərbaycan torpağında hətta üçüncü dövrə
aid olan relikt (qədim) ağac və kollar da bitir. Onlardan eldar şamı, dəmirağac, ipək akasiyası, xəzər
lələyi və başqalarını göstərmək olar. Azərbaycan florasına müxtəlif dərman, efiryağlı, dekorativ,
meyvə, texniki və digər faydalı bitkilər daxildir.
İnsan öz hərəkətləri və fəaliyyəti ilə birbaşa və ya dolayı yolla təbii bitki örtüyünə təsir edir, onu
dəyişdirir və əsirlər boyu yaranmış təbii ekosistemləri yenidən qurur. Hal-hazırda əvvəlki yüzillərlə
müqayisədə insan öz düşünülməz iqtisadi və təsərrüfat fəaliyyəti ilə ətraf mühiti sürətlə dəyişdirir.
Müasir dövrdə bitki aləminin müxtəlifliyini, genetik fondunu qoruyub saxlamaq vacib məsələlərdən
biri hesab olunur. Ona görə də təbiətin bəxş etdiyi bu zənginliyi qorumaq, ondan səmərəli istifadə
etmək dövlətimizin və onun hər bir vətəndaşının borcudur.

Dəmirağac (Parrotia persica C.A.M.) Azərbaycanın III dövr relikt bitkisi


olub, Talışın mərkəzi və cənub hissələrində rast gəlinir. Ağacın hündürlüyü
20-25m-dir. Yarpaqları qısa saplaqlı olub növbəli düzülüşlüdür, dairəvi və
ya yumurtavari formadadır. Çiçəkləri ikicinslidir, yarpaqlamamış
çiçəkləyir, 6-7 erkəkciyi, 2 sütuncuğu var. Ləçəkləri var, xüsusilə
çiçəkləmə vaxtı qırmızı və bənövşəyi rəngə boyanmış erkəkciklərin
hesabına çiçək daha da nəzərəçarpan olur. Meyvəsi oduncaqlaşmış dairəvi
qutucuqdur. Dəmirağac möhkəm oduncağa malik olduğundan əsasən
telefon və elektrik dirəkləri üçün, körpülərin tikilməsində, maşın və alətlərin bəzi hissələrinin
hazırlanmasında istifadə olunur.

Şabalıdyarpaq palıd (Quercus castaneifolia C.A.M.) Azərbaycanda


Talışda və İsmayıllı rayonunda rast gəlinir. Hündürlüyü 50m, diametri isə
1.5m olur. Yarpaqların ölçü və forması bitdiyi yerdən asılı olaraq müxtəlif
formada olur. Şabalıdyarpaq palıd Talışın əsas meşə əmələ gətirən bitki
növüdür və xalq təsərrüfatının müxtəlif sahələrində istifadə olunur:
tikintidə, dəmiryol şpallarının hazırlanmasında və s.
Lənkəran akasiyası (Albizzia julibrissin Durazz.) Azərbaycanın III
dövr relikt bitkisi olub, Talışda yayılmışdır. Ağacın hündürlüyü 18m-ə
qədər olur. Yarpaqları ikiqat lələkvaridir. Çiçəkləri xıradadır və başcıq
çiçək qrupunda toplanmışdır. Başcığın kənarında yerləşən çiçəklər
yalnız erkəkciklidir, mərkəzdəkilər isə ikicinslidir. Erkəkciklər
çoxsaylıdır və uzundur. Onların rəngi müxtəlif olub (açıq çəhrayıdan
bənövşəyi rəngə qədər), tac funksiyasını yerinə yetirir. Toxumu 6-
7mm olub, uzunsov, hamar və qəhvəyi rəngdə olur. Meyvəsi
paxlameyvədir və oktyabr ayında yetişir.
Lənkəran akasiyasının dekorativ əhəmiyyəti vardır, həm də yaxşı bal verən bitkidir. Ağac qabığı
müəyyən miqdarda aşı maddələri saxlayır, həmçinin yerli əhali tərəfindən parçaların rənglənməsində
də istifadə olunur. Qurudulmuş erkəkcik saplaqlarından xalq təbabətində öskürəyə qarşı istifadə edilir.

Eldar şamı (Pinus eldarica Medw.) Azərbaycanın III dövr relikt bitkisi
olub, Gəncədə Ellər oyuğunda yayılmışdır. 2004-cü ildə 2000ha-a yaxın
eldar şamı sahəsini Göy-göl qoruğundan ayıraraq müstəqil Eldar Şamı
Qoruğu yaradılmışdır. Eldar şamını digər şamlardan fərqləndirən əsas
xüsusiyyəti bu şam ağacında qozalar yuxarı və ya yana doğru inkişaf edir.
Çiçəkləmə vaxtı Eldar şamını daha yaxşı fərqləndirmək olur, belə ki,
onun erkəkcikləri digər şamların erkəkciklərindən iki dəfə böyük olur.
Eldar şamının xalq təsərrüfatında böyük əhəmiyyəti vardır. Hər şeydən
əvvəl bir çox digər növ şamların bitmədiyi rayonlarda yaşıllaşdırma
məqsədi ilə istifadə olunur.

Adi nar (Punica granatum L.) Azərbaycanda təbii sahələrdə miqdarı


azalmaqda olan relikt növdür və Ağdaş, Dəvəçi, Ağsu, Astara, Lənkəran,
Şəki ratonlarında, Türyançay qoruğunda və Naxçıvan MR yayılmışdır.
Hüdürlüyü 1-10m olan, parıltılı uzun lansetvari yarpaqlara malikdir.
Çiçəkləri qırmızı rəngdə olur və iyul-avqust aylarında çiçəkləyir.
Nar bitkisi qədim dövrlərdən bəri dərman bitkisi kimi istifadə edilir. Nar
şirəsi iştahanı qaldırır, mədənin fəaliyyətini tənzimləyir və ağrısızlaşdırıcı
xassəyə malikdir. Çiçəkləridən soyuqdəyməyə qarşı, toxumlarından isə
sarılıq xəstəliyində, ürək döyünməsində, sinə ağrılarında və iştahanı
qaldırmaq üçün istifadə edilir. Kök və budaqların qabığı lentşəkilli qurdlara qarşı iflicedici təsir
göstərir. Lakin narın qabığı və kökü zəhərlidir, ona görə də daxilə qəbul zamanı ehtiyalı olmaq
lazımdır!

You might also like